Qida qəbulu zamanı ani diqqətsizlik həyatımıza son qoya bilər. Statistik təhlillər göstərir ki, zəhərlənmələrin əsas səbəbi insan faktorudur.

Statistikaya görə, ötən il baş verən qida zəhərlənmələrinin 87,7 faizi məişət zəminində qeydə alınıb. Ev şəraitində konservləşdirilən və məişət şəraitində hazırlanan kulinariya məhsulları, kremli tortlar, müxtəlif salatlar zəhərlənməyə səbəb ola bilər.  Bu baxımdan da evdə məhsulların təmizlənməsi, çeşidləməsi və bişirilməsi zamanı bir çox məqamlara diqqət yetirmək vacibir.

“Botulizm” nadir rastlaşan amma çox təhlükəli infeksiyadır. Əsasən ev şəraitində konservləşdirilən məhsullarda ortaya çıxır.  Bu baxımdan da bu məhsulların hazırlanması zamanı yol verdiyimiz diqqətsizlik insan həyatı üçün ciddi təhlükə mənbəyinə çevrilə bilir.  

Məişətdə diqqət yetirilməli digər vacib məqam isə kəsmə lövhələri ilə bağlıdır. Məsələn, ət doğradığınız lövhədə meyvə-tərəvəz doğramaq zəhərlənməyə səbəb ola bilər.

Böyük Britaniyada aparılan araşdırma zamanı məlum olub ki, qida mənşəli xəstəliklərin 14 faizi əsaslı təmizlənməyən kəsmə lövhələri və bıçaqlarla bağlıdır. Bu baxımdan da məhsulların hazırlanması, saxlanılması, eləcə də istehlakı zamanı bir sıra məqamlara diqqət yetirilməlidir.

O ki qaldı 2019-cu ildə  qeydə alınan ümumi müraciətlərin sayına, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “1003” Çağrı Mərkəzinə  daxil olan 19 944 müraciətin 2,4 faizi qida zəhərlənmələri ilə bağlı olub. 987 zərərçəkənin 585 nəfərində qida zəhərlənməsi faktı kliniki təsdiqini tapıb.

Nəinki ev şəraitində hazırlanan qidaların istehlakı zamanı, eləcə də bazar və marketlərdən alış-veriş zamanı məhsulların saxlanma şəraitinə və istehsal tarixinə diqqət yetirmək vacibdir.

Sədaqət Süleyman